Ailənin qorunması və hövzə fəaliyyətinin tənzimlənməsi

Ailənin qorunması və hövzə fəaliyyətinin tənzimlənməsi



26/9/2026


Konfransda müsəlman qadın məsələsinə də xüsusi diqqət yetirilmiş, son illər ərzində ailənin strukturunu və bütövlüyünü hədəf alan müxtəlif adlar və şüarlar altında aparılan intensiv ideoloji və informasiya hücumlarının ailəyə göstərdiyi təsirlər nəzərdən keçirilmişdir.

İştirakçılar qadının ailənin və cəmiyyətin formalaşmasında əsas və mühüm amil olduğunu vurğulamış, qadınlara ünvanlanan maarifləndirici və istiqamətləndirici çıxışların inkişaf etdirilməsinin, müsəlman qadınının şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşan, eyni zamanda onun ailə və cəmiyyət daxilində İslam dəyərlərinin qorunmasındakı rolunu gücləndirən, onu ideoloji və mədəni təhriflərin qurbanına çevrilməkdən qoruyan atalıq qayğısına əsaslanan tərbiyəvi üslubun tətbiq edilməsinin zəruriliyini qeyd etmişlər.

Eyni zamanda, konfrans hövzə fəaliyyətinin tənzimlənməsinin və elmi mərtəbələr arasında metodoloji baxımdan fərqin müəyyənləşdirilməsinin vacibliyini vurğulamışdır. Bununla da ictimai məkanda dini çıxışların elmi sanbalının və mötəbərliyinin qorunması, müxtəlif vilayətlərdə elmi mədrəsələrin və nümunəvi hövzələrin dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Şeyx Adil Zərkani: Çağırışlarla mübarizə fikir, elm, şüur və hikmət vasitəsilə həyata keçirilməlidir

Konfransın işi çərçivəsində Vəkillər və nümayəndələr şöbəsinin məsul şəxsi, hörmətli Şeyx Adil Zərkani çıxış edərək müasir mərhələnin xüsusiyyətlərindən və din xadiminin üzərinə düşən getdikcə artan məsuliyyətlərdən bəhs etmişdir.

O, çıxışında belə demişdir:

«Biz elə bir dövrdə yaşayırıq ki, dəyişikliklər sürətlə baş verir, qarşıya çıxan çətinliklər isə bir-biri ilə sıx şəkildə əlaqələnir. Artıq din xadiminin məsuliyyəti yalnız şəri hökmü bəyan etmək və ya ayrı-ayrı şəxslərin fərdi məsələlərini həll etməklə məhdudlaşmır. Onun məsuliyyəti bundan daha genişdir. Çünki o, fikir sualları, siyasi təzyiqlər, ictimai mürəkkəbliklər, eləcə də mədəniyyət və dəyərlər sahəsində sürətlə baş verən dəyişikliklər arasında qalmış bir cəmiyyətlə üz-üzədir.

Bu gün cəmiyyətin və dinin qarşısında duran ən mühüm çağırışlardan bəziləri ideoloji, siyasi, sosial və mədəni xarakter daşıyır. Onların bir qismi aşkar şəkildə özünü göstərir və müəyyənləşdirilməsi mümkündür. Digər qismi isə insanın şüuruna sakit və hiss olunmadan nüfuz edir, nəhayət, onun dinə, insana və həyata baxışının, düşüncə tərzinin bir hissəsinə çevrilir».

Hörmətli Şeyx bu çağırışlara qarşı mübarizənin tələsik hərəkətlər və onlara verilən ani reaksiyalarla, yaxud problemi yalnız müəyyənləşdirməklə kifayətlənən, lakin onun həlli üçün dolğun və təsirli baxış ortaya qoymayan ənənəvi çıxışlarla mümkün olmadığını izah etmişdir. O vurğulamışdır ki, bu mübarizə fikir və elm, şüur və səbir, möhkəmlik və hikmət, eləcə də hökm verməzdən əvvəl reallığı düzgün dərk etmək bacarığı ilə aparılmalıdır.

O, sözünə belə davam etmişdir:

«Bu mərhələdə din xadimi sadəcə məlumat ötürən şəxs olmamalıdır. Əksinə, o, şüur formalaşdıran, dəyərləri qoruyan, baş verən dəyişiklikləri düzgün təhlil edə bilən, insanlarla onların ağlının dərk etdiyi və fitrətinin rahatlıqla qəbul etdiyi bir dildə danışmağı bacaran şəxs olmalıdır».

Hörmətli Şeyx bildirmişdir ki, ideoloji azğınlıqla mübarizə fikri kənarlaşdırmaqla deyil, ondan daha dərin və güclü fikir ortaya qoymaqla mümkündür. Şübhə və tərəddüdlərlə mübarizə sual verməkdən qorxmaqla deyil, həmin suallara cavab vermək bacarığına yiyələnməklə həyata keçirilməlidir. Ekstremizmlə mübarizə isə İslamı özünün elmi, əxlaqi və insani mahiyyətinə uyğun şəkildə təqdim etməklə mümkündür.

O, həmçinin qeyd etmişdir ki, sosial və siyasi çətinliklərlə mübarizə aparmaq üçün mövcud reallıq haqqında şüurlu olmaq, onun mürəkkəb tərəflərini düzgün anlamaq, cəmiyyətə xidmət etmək, onun sabitliyini və dəyərlərini qorumaq istiqamətində din xadiminin məsuliyyətli mövqeyini gücləndirmək lazımdır.

Çıxışının sonunda Hörmətli Şeyx Uca Allahdan hamıya üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdə müvəffəqiyyət əta etməsini, onları mərcəiyyətin etimadına layiq şəxslərdən qərar verməsini, din sahəsində bəsirət, mövcud reallığı dərk etməkdə şüur, insanlarla rəftar zamanı hikmət və haqq yolunda sabitqədəmlik bəxş etməsini diləmişdir. Həmçinin görülən işlərin yalnız Allahın razılığı üçün xalis olmasını, dinə, cəmiyyətə və insanlığa xidmətə çevrilməsini dua etmişdir.

Təkliflər, tövsiyələr və Fatimiyyə yürüşünə hazırlıq.

Konfrans çərçivəsində bir sıra hörmətli alim və ruhanilər tərəfindən konfransın fəaliyyəti ilə əlaqəli müxtəlif təklif və mövzular irəli sürülmüşdür. Bu təkliflərin məqsədi təbliğat və təşkilati fəaliyyətin gücləndirilməsi, eləcə də mərkəzi ofislə müxtəlif şəhərlərdə fəaliyyət göstərən mərcəiyyətin vəkilləri və nümayəndələri arasında koordinasiyanın daha yüksək səviyyəyə çatdırılmasıdır.

Bununla yanaşı, konfrans Həzrət Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ikinci rəvayətinə əsasən keçirilən anım mərasimində iştirak etmək üçün tam hazırlığın vacibliyinə diqqət çəkmişdir.

Hər il keçirilən bu yürüşdə hörmətli Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfidə (kölgəsi davamlı olsun) iştirak edir. Yürüş ofisdən başlayaraq Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə.s) müqəddəs hərəminə doğru hərəkət edir.

Konfransın sonunda təbliğat, elmi və ictimai fəaliyyətin davam etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin daha da gücləndirilməsinin, dini mərasimlərin, xüsusilə də Həzrət Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ildönümünün yad edilməsi üçün lazımı təşkilati və praktiki hazırlığın görülməsinin əhəmiyyəti bir daha vurğulanmışdır.

Bütün bunların əsas məqsədi dini şüurun möhkəmləndirilməsi, İslam dəyərlərinin cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də vəkillərin və nümayəndələrin möminlərə və İraq cəmiyyətinə xidmət sahəsində daşıdıqları məsuliyyətin əməli şəkildə nümayiş etdirilməsidir.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla